|  | 
		Yerub-Baalın oğlu Avimelek Şekemə, dayılarının yanına getdi. Onlara və bütün ana nəslinə belə dedi: 
«Rica edirəm, bütün Şekem başçılarına bunu eşitdirib deyin: “Sizin üçün hansı yaxşıdır, Yerub-Baalın yetmiş oğlu sizə hakimlik etsin, yoxsa bir nəfər? Unutmayın ki, mən sizin sümüyünüzdən və ətinizdənəm”». 
Dayıları onun söylədiyi bu sözləri bütün Şekem əhalisinə çatdırdı. Bundan sonra onların da könülləri Avimelekə meyl etdi və «o bizim soydaşımızdır» dedilər. 
Ona Baal-Beritin ibadət evindən yetmiş şekel gümüş verdilər. Avimelek isə özünə muzdla yaramaz və macəraçı adamlar tutdu. Onlar Avimelekin ardınca getdilər. 
Avimelek Ofraya – öz ata evinə gəldi və qardaşları Yerub-Baalın yetmiş oğlunu bir daş üstündə öldürdü. Təkcə Yerub-Baalın kiçik oğlu Yotam sağ qalmışdı, ona görə ki gizlənə bilmişdi. 
		 |  |