Bunlar Lavanın qızı Rəhiləyə verdiyi Bilhadan doğulan Yaqub övladlarıdır. Onlar cəmi yeddi nəfər idi.
Yaqubun oğullarının arvadlarından başqa, Yaqubun nəslindən olan və onunla Misirə gələn övladları altmış altı nəfər idi.
Yusifin Misirdə doğulan iki oğlu ilə birlikdə Misirə köçən Yaqubun ailəsində yetmiş nəfər var idi.
Yaqub Qoşen yoluna bələdçilik etmək üçün özündən əvvəl Yəhudanı Yusifin yanına göndərdi. Onlar Qoşen torpağına girəndə
Yusif arabasını hazırlayıb Qoşenə atası İsraili qarşılamağa getdi. Özünü atasına tanıtdırıb onun boynuna sarıldı və uzun müddət onu qucaqlayıb ağladı.
İsrail Yusifə dedi: «İndi ölə bilərəm, çünki üzünü gördüm. Sən sağ-salamatsanmış».
Yusif qardaşlarına və atasının ailəsinə dedi: «Qoy gedim firona xəbər verim ki, Kənan torpağında yaşayan qardaşlarımla atamın ailəsi yanıma gəliblər.
Onlar sürü sahibi olan çobanlardır. Ona görə də qoyun-keçiləri, mal-qaraları və bütün şeyləri ilə birlikdə gəliblər.
Firon sizi çağırıb “Nə işin sahibisiniz?” deyə soruşsa,
deyin: “Atalarımız kimi biz də uşaqlıqdan bəri heyvandarlıqla məşğuluq”. Belə deyin ki, qoy sizi Qoşen vilayətində yerləşdirsin, çünki Misirlilər çobanlardan iyrənirlər».