|
- O çıxıb Filiştlilərə qarşı döyüşdü və Qat, Yavne və Aşdod şəhərlərinin divarlarını yıxdı. Aşdod torpağında və Filiştlilər arasında şəhərlər tikdi.
- Filiştlilərə, Qur-Baalda yaşayan Ərəblərə və Maonlulara qarşı Allah ona yardım etdi.
- Ammonlular Uzziyaya vergi verirdilər. Onun şöhrəti Misirin girəcəyinə qədər yayıldı, çünki get-gedə çox güclü oldu.
- Uzziya Yerusəlimdə Künc və Dərə darvazaları, divarın küncü üzərində möhkəm qüllələr düzəltdi.
- O, çöldə də qüllələr düzəltdi və çoxlu su anbarı üçün yer qazdı, çünki yamaclı-düzənlikli bölgədə və düzənlikdə çoxlu heyvanları vardı. Dağlarda və Karmeldə əkinçilər və üzümçülər qoydu, çünki torpağı çox sevərdi.
|
|