|
- Padşahın əmrinə görə çaparlar padşahın və rəislərin yazdığı məktublarla bütün İsrail və Yəhuda torpağını dolaşıb dedilər: «Ey İsrail övladları, İbrahimin, İshaqın və İsrailin Allahı Rəbbə qayıdın! O da sizə – Aşşur padşahlarının əlindən qaçıb qurtarmış, sağ qalan adamlarınıza tərəf qayıdacaq.
- Atalarının Allahı Rəbbə qarşı xainlik edən atalarınız və qohumlarınız kimi olmayın. Belə ki gördüyünüz kimi Rəbb onları tar-mar etdi.
- İndi atalarınız kimi dikbaş olmayın, Rəbbə tabe olun və Onun əbədi olaraq təqdis etdiyi Müqəddəs məkana gəlib Allahınız Rəbbə qulluq edin ki, qızğın qəzəbi sizdən dönsün.
- Siz Rəbbə qayıtdıqda qohumlarınız və oğullarınız onları əsir alanların önündə mərhəmət tapacaq və bu torpağa qayıdacaq. Çünki Allahınız Rəbb lütfkar və rəhmlidir; əgər Ona qayıtsanız, sizdən üz döndərməz».
- Çaparlar Efrayim və Menaşşe torpaqlarından Zevuluna qədər bu şəhərdən o şəhərə keçdi. Ancaq onlara güldülər və lağa qoydular.
|
|