|  | 
		Əksinə, o, şahzadə Yeraxmeelə, Azriel oğlu Serayaya və Avdeel oğlu Şelemyaya əmr etdi ki, mirzə Baruku və Yeremya peyğəmbəri tutsunlar. Ancaq Rəbb onları gizlətmişdi. 
Barukun Yeremyanın dilindən eşidib yazdığı tumarı padşah yandırandan sonra Rəbdən Yeremyaya bu söz nazil oldu: 
«Başqa bir tumar götür, bütün əvvəlki sözləri – Yəhuda padşahı Yehoyaqimin yandırdığı ilk tumarda olanları oraya yaz. 
Yəhuda padşahı Yehoyaqim üçün də söylə ki, Rəbb belə deyir: “Sən bu tumarı yandırıb söylədin ki, nə üçün Babil padşahının mütləq gəlib bu ölkəni xarabalığa çevirəcəyini, oradakı insanları da, heyvanları da məhv edəcəyini bu tumara yazdın?” 
Buna görə də Yəhuda padşahı Yehoyaqim barədə Rəbb belə deyir: “Onun nəslindən heç kəs Davudun taxtında oturmayacaq. Cəsədi gündüzün istisinə, gecənin ayazına atılacaq. 
		 |  |