|  | 
		Yerusəlim şəhəri necə də boş qalıb, Bir zaman insanlarla dolu idi, İndi dul qadına bənzəyir – Millətlər arasında ulu sayılan, Ellər arasında mələkə olan, Bu şəhər nökərçilik edir. 
Gecələr acı-acı ağlar, Göz yaşları ilə yanağı islanar, Məşuqlarının arasından Ona təsəlli verən yoxdur. Bütün dostları ona xəyanət etdi, düşmən oldu. 
Yəhuda dərdə, ağır zillətə düşüb, İndi sürgünə gedir. O, millətlər arasında yaşayır, O torpaqlarda rahatlıq tapmır, Yəhuda bu iztiraba düşəndə, Təqibçilər ona çatdılar. 
Siona gedən yollar yas tutur, Çünki bayramlarına gələn yoxdur, Buranın bütün darvazaları kimsəsiz qalıb, Kahinləri ah-zar edir. Bu şəhərin qızları əzab-əziyyət çəkir, Buranın aqibəti acıdır, 
İndi düşmənlər bu şəhərin üstündə hökmrandır, Bu yağılar gör necə firavan yaşayır. Çox üsyankar olduqlarına görə Rəbb onları bu zülmə saldı, Övladları düşmən önündə əsir aparıldı. 
		 |  |