|
- Xalqı bir yerə yığın, Camaatı təqdis edin, Ağsaqqalları yığın, Uşaqları və südəmər çağaları toplayın. Bəy öz otağından, Gəlin də öz gərdəyindən çıxsın.
- Rəbbə xidmət edən kahinlər Məbədin eyvanı ilə qurbangah arasında ağlayıb desin: «Ya Rəbb, xalqına qıyma, Öz irsini rüsvay olmağa qoyma! Qoyma onlar millətlərin dilinə düşsün. Axı nə üçün xalqlar arasında belə deyilsin: “Bəs hanı onların Allahı?”»
- O zaman Rəbb Öz torpağına qıymayacaq, Öz xalqına rəhm edəcək.
- Rəbb xalqına belə cavab verəcək: «Budur, sizə taxıl, Təzə şərab və zeytun yağı göndərəcəyəm, Bunlarla doyacaqsınız, Artıq sizi millətlər arasında rüsvay etməyəcəyəm.
- Şimal tərəfdən gələn ordunu sizdən uzaqlaşdıracağam. Onu quraq, izsiz bir yerə, Qarşıdakı ordunu Şərq dənizinə, Arxadan gələnləri isə Qərb dənizinə aparacağam. Onların cəsədlərinin pis iyləri ətrafa yayılacaq». Həqiqətən, Rəbb böyük işlər gördü.
|
|