|  | 
		«Gün gələcək» Rəbb bəyan edir, «Mən şikəstləri yığacağam, İncitdiyim pərən-pərən düşən xalqı Bir yerə toplayacağam. 
Şikəstləri sağ qalan xalq edəcəyəm, Atılanları güclü millətə çevirəcəyəm. Mən Rəbb onlara Sion dağından İndidən sonsuzadək hökm edəcəyəm». 
Sən, ey Yerusəlim, sürüyə nəzarət edən qüllə, Sion qızının qalası, Əvvəlki hakimiyyət sənə yenidən veriləcək, Yerusəlim qızının səltənəti gələcək. 
İndi nə üçün uca səslə çağırırsan? Niyə doğan qadın kimi ağrı çəkirsən? Məgər sənin yanında padşah yoxdurmu? Məsləhətçilərin həlak olubmu? 
Ey Sion qızı, ağrıdan qovrul, Doğan qadın kimi bərkdən qışqır, Çünki şəhərdən çıxıb, çöldə yaşayacaqsan, Babilə qədər gedəcəksən. Lakin orada xilas olacaqsan, Rəbb səni düşmənlərinin əlindən satın alacaq. 
		 |  |