Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 2  3  4  5  6  7  8  9  10  11  12  13  . . . 24   qeri  
  -1   [font9]   +1  
YEŞUA 8 [Azerbaycan]   
 
  1. Rəbb Yeşuaya dedi: «Qorxma və dəhşətə gəlmə, bütün döyüşçülərini öz yanına yığ və qalxıb Ay şəhərinə hücum et. Mən Ay şəhərinin padşahını, xalqını, şəhərini və torpağını sənə təslim edirəm.
  2. Yerixonun və oranın padşahının başına gətirdiyini Ay torpağının və onun padşahının başına gətir. Mallarını və heyvanlarını isə özünüz üçün qarət edin. Şəhərə qarşı arxa tərəfdən pusqu qurun».
  3. Yeşua ilə bütün döyüşçülər Ay şəhərinə getmək üçün qalxdılar. Yeşua otuz min igid adam seçib onları gecə ikən oraya göndərəndə belə əmr etdi:
  4. «Qulaq asın, şəhərə qarşı arxa tərəfdən pusquda durun, şəhərdən çox uzağa getməyin, hamınız hazır durun.
  5. Mən və yanımda olan bütün xalq şəhərə yaxınlaşacağıq. Əvvəlki kimi Ay şəhərinin sakinləri bizə qarşı çıxanda biz də onların qarşısından qaçacağıq.
 
 
  1. Biz onları şəhərdən ayırana qədər arxamızca aparacağıq, çünki “əvvəlki kimi qarşımızdan qaçırlar” deyəcəklər. Biz də onların qarşısından qaçacağıq.
  2. O vaxt siz pusqudan qalxıb şəhəri alın, çünki Allahınız Rəbb oranı sizə təslim edəcək.
  3. Şəhəri ələ keçirdiyiniz zaman şəhərə od vurun. Bunu Rəbbin sözünə görə edin. Sizə belə əmr edirəm».
  4. Beləliklə, Yeşua onları göndərdi. Onlar pusquda durdular və Bet-El ilə Ay şəhəri arasında, Ay şəhərinin qərb tərəfində gözlədilər. Yeşua gecəni camaatın arasında keçirdi.
  5. Yeşua səhər tezdən durdu, xalqı gözdən keçirdi, özü və xalqın ağsaqqalları xalqın qarşısında Ay şəhərinin üzərinə getdilər.
 
 
  1. Onunla birgə olan bütün döyüşçülər getdilər və yaxınlaşıb şəhərin qarşısına gəldilər, Ay şəhərinin şimal tərəfində toplandılar. Onlarla Ay şəhərinin arasında bir dərə var idi.
  2. Yeşua beş minə qədər adam götürdü, onları Bet-El ilə Ay şəhəri arasında, şəhərin qərb tərəfində pusquya qoydu.
  3. Şəhərin şimalında olan bütün ordu və şəhərin qərbində pusquda duranlar döyüş üçün yerləşdirildi. Yeşua o gecə dərənin ortasına getdi.
  4. Ay şəhərinin padşahı bunu gördükdə səhər tezdən şəhərin adamları ilə birgə tələsik qalxdı və bütün camaat düz vaxtında İsraillilərə qarşı Arava vadisinin önündə döyüşə çıxdı. Lakin padşah bilmirdi ki, şəhər arxasında ona qarşı pusqu qurulub.
  5. Yeşua ilə bütün İsraillilər özlərini onların qarşısında məğlub olmuş kimi göstərərək çölə tərəf qaçdılar.
 
 
  1. Onları təqib etmək üçün şəhərdə olan bütün camaat çağırıldı. Yeşuanı təqib edərək şəhərdən çıxdılar.
  2. Ay və Bet-El şəhərlərində bir nəfər də qalmadı ki, İsraillilərin ardınca getməsin. Onlar şəhəri açıq qoyaraq İsrailliləri təqib etdilər.
  3. Rəbb Yeşuaya dedi: «Əlindəki nizəni Ay şəhərinə tərəf uzat, çünki oranı sənə təslim edəcəyəm». Yeşua əlindəki nizəni Ay şəhərinə tərəf uzatdı.
  4. Yeşua əlini şəhərə tərəf uzadarkən pusquda duranlar cəld yerlərindən qalxdılar və şəhərə girib oranı aldılar. O anda bütün şəhərə od vurdular.
  5. Ay şəhərinin əhalisi arxaya dönüb baxanda gördü ki, şəhərdən göyə tüstü qalxır və onların o yan-bu yana qaçmağa da taqəti yox idi. Çölə tərəf qaçan İsraillilər də onları təqib edənlərə tərəf döndü.
 
 
  1. Yeşua ilə pusquda olan bütün İsraillilər şəhəri alındığını və şəhərdən tüstü qalxdığını görəndə dönüb Ay şəhərinin adamlarını qırdılar.
  2. O biri İsraillilər də şəhərdən onlara tərəf çıxdılar. Onda onlar iki tərəfdən gələn İsraillilərin arasında qaldılar. İsraillilər onlardan heç kimi sağ yaxud qaçmağa qoymadan qırdılar.
  3. Ay şəhərinin padşahını isə diri tutub Yeşuanın yanına gətirdilər.
  4. İsraillilər Ay şəhərinin əhalisinin hamısını öldürüb qurtarana qədər tarlada və onları təqib etdikləri çöldə qılıncdan keçirtdilər. Sonra bütün İsraillilər Ay şəhərinə qayıdıb orada qalanları da qılıncdan keçirtdilər.
  5. O gün qırılan kişi və qadınlardan hamısı – bütünlüklə Ay şəhərinin əhalisi on iki min nəfər idi.
 
 
  1. Bütün Ay şəhərinin əhalisini tamamilə qırıb qurtarana qədər Yeşua nizə uzadan əlini geri çəkmədi.
  2. Ancaq Rəbbin Yeşuaya buyurduğu sözə görə İsraillilər o şəhərin heyvanlarını və əmlakını talan edib özlərinə götürdülər.
  3. Yeşua Ay şəhərini yandırdı. Oranı əbədi qalan daş qalağına, yəni elə bir viranəyə çevirdi ki, bu günə qədər qalmaqdadır.
  4. O, Ay şəhərinin padşahını ağacdan asaraq axşama qədər saxladı. Gün batanda isə Yeşua əmr verdi və onun cəsədini ağacdan düşürtdülər, onu şəhər darvazasının girəcəyinə atdılar. Üstünə bu günə qədər qalan böyük bir daş qalağı yığdılar.
  5. O zaman Yeşua Eval dağında İsrailin Allahı Rəbbə bir qurbangah qurdu.
 
 
  1. O, Rəbbin qulu Musanın İsrail övladlarına əmr etdiyi və Musanın Qanun kitabında yazıldığı kimi üstünə heç kimin dəmir vurmadığı, yonulmamış daşlardan bir qurbangah düzəltdi. Onun üstündə Rəbbə yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdilər.
  2. Yeşua orada Musanın İsrail övladları qarşısında yazdığı Qanunun bir nüsxəsini daşlar üzərinə yazdı.
  3. Bütün İsraillilər, ağsaqqallar, məmurlar, hakimlər, qəriblər də daxil olmaqla Rəbbin Əhd sandığının iki tərəfində sandığı daşıyan Levili kahinlərin qarşısında dayandılar. Xalqın yarısı Gerizim dağının, o biri yarısı isə Eval dağının qarşısında durdu. Çünki Rəbbin qulu Musa İsrail xalqına xeyir-dua vermək üçün əvvəllər bu cür dayanmağı buyurmuşdu.
  4. Ondan sonra Yeşua Qanunun bütün sözlərini – xeyir-dua və lənəti, yəni Qanun kitabında yazılanların hamısını oxudu.
  5. Bütün İsrail camaatının, qadınların, uşaqların və aralarında olan qəriblərin qarşısında Musanın bütün buyurduqlarından Yeşuanın oxumadığı bir söz belə, qalmadı.
 
   
  irəli  1  . . . 2  3  4  5  6  7  8  9  10  11  12  13  . . . 24   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.