|
- Rəbbin əli Aşdodlular üzərində ağırlaşdı. Onlara və ətrafındakı camaata bəla verib bədənlərinə şişlər çıxartdı.
- Aşdodlular vəziyyətin belə olduğunu görəndə dedilər: «Qoy İsrail Allahının sandığı bizim yanımızda qalmasın, çünki Onun əli bizim və allahımız Daqonun üzərində ağır oldu».
- Ona görə də hər tərəfə qasidlər göndərərək bütün Filiştlilərin ağalarını yanlarına toplayıb soruşdular: «İsrail Allahının sandığını nə edək?» Filiştlilərin ağaları isə dedilər: «İsrail Allahının sandığı Qata aparılsın». Beləliklə, İsrail Allahının sandığını Qata apardılar.
- Onlar sandığı Qata gətirəndən sonra Rəbbin əli bu şəhərin üstündə də ağırlaşdı. Şəhəri dəhşətli qorxu bürüdü, böyükdən-kiçiyə qədər şəhər sakinlərinin hamısına zərbə dəydi. Onların da bədənlərinə şiş çıxdı.
- Bu hadisədən sonra Allahın sandığını Eqrona göndərdilər. Allahın sandığı Eqrona çatanda Eqronlular fəryad qoparıb dedilər: «Bizi və xalqımızı öldürmək üçün İsrailin Allahının sandığını bura gətirdilər!»
|
|