|
- Yəhuda padşahı Yehoyaqimin padşahlığının üçüncü ilində Babil padşahı Navuxodonosor Yerusəlimə hücum edib oranı mühasirəyə aldı.
- Xudavənd Yəhuda padşahı Yehoyaqimi və Allah məbədinin əşyalarından bir hissəsini ona təslim etdi. Navuxodonosor onları Şinar torpağına, öz allahının məbədinə apardı və əşyaları həmin məbədin xəzinəsinə qoydu.
- Padşah hərəmağalar rəisi Aşpenaza əmr etdi ki, padşah nəslindən və zadəganlardan olan İsraillilərin arasından
- bədənlərində qüsur olmayan, yaraşıqlı, hər elmdən xəbərdar, bilikli, dərrakəli, sarayda padşaha xidmət etməyə layiq olan cavanlar seçərək onlara Xaldeylilərin dilini və ədəbiyyatını öyrətsin.
- Padşah onlara özünün yediyi yeməklərdən və içdiyi şərabdan gündəlik yemək payı təyin etdi ki, üç il onlara tərbiyə versinlər və sonra isə padşahın xidmətinə gətirsinlər.
|
|