|
- Yerusəlim şəhəri necə də boş qalıb, Bir zaman insanlarla dolu idi, İndi dul qadına bənzəyir – Millətlər arasında ulu sayılan, Ellər arasında mələkə olan, Bu şəhər nökərçilik edir.
- Gecələr acı-acı ağlar, Göz yaşları ilə yanağı islanar, Məşuqlarının arasından Ona təsəlli verən yoxdur. Bütün dostları ona xəyanət etdi, düşmən oldu.
- Yəhuda dərdə, ağır zillətə düşüb, İndi sürgünə gedir. O, millətlər arasında yaşayır, O torpaqlarda rahatlıq tapmır, Yəhuda bu iztiraba düşəndə, Təqibçilər ona çatdılar.
- Siona gedən yollar yas tutur, Çünki bayramlarına gələn yoxdur, Buranın bütün darvazaları kimsəsiz qalıb, Kahinləri ah-zar edir. Bu şəhərin qızları əzab-əziyyət çəkir, Buranın aqibəti acıdır,
- İndi düşmənlər bu şəhərin üstündə hökmrandır, Bu yağılar gör necə firavan yaşayır. Çox üsyankar olduqlarına görə Rəbb onları bu zülmə saldı, Övladları düşmən önündə əsir aparıldı.
|
|